İstanbul. Mayis Əlizadə - APA. Pantürkizmin yaradıcısı İsmayıl bəy Qaspralının vəfatının 100-cü ilində Türkiyədə tədbirlər keçirən “Türk Ocaqları”nın İstanbul şöbə başqanı, doktor Cəzmi Bayramın APA-ya müsahibəsi


- Qaspralının ölümünün 100-cü ilində təşkilatınız hansı tədbirləri keçirir?

 

- Keçə həftə İstanbul Universiteti ilə birlikdə və Türkiyənin müxtəlif qurumlarının dəstəyi ilə İsmayıl bəy Qaspralıya həsr edilmiş 3 günlük beynəlxalq konfrans keçirdik. 50 məruzəçinin 38-i xaricdən gəlmişdi. Azərbaycandan Yaponiyaya, Rusiyadan Avropa ölkələrinə qədər toplantımıza dəvət etdiyimiz alimlər XXI əsrdə türk dünyası arasındakı əlaqələrin dərinləşdirilməsi yollarını müzakirə etdilər. Əsas prinsipimiz təbii ki, Qaspralının “Dildə, fikirdə, işdə birlik!”- şuarıdır, əsas məqsədimiz o şüardan irəli gələn vəzifələri müasir dövrdə uğurla həyata keçirməkdir. Qeyd etməliyəm ki, indi Qaspralının müəyyənləşdirdiyi prinsipləri həyata keçirmək keçmişə nisbətən daha asandır. Sadəcə, hədəfimizə doğru planlı-proqramlı şəkildə irəliləməyimiz lazımdır.

 

- Əhməd Ağaoğlu, Əlibəy Hüseynzadə, Yusif Akçura, Həmdullah Sübhi Tanrıövər, Mehmet Emin Yurdaqul və b... 1912-ci ildə “Türk Ocaqları”nı yaradarkən Bağçasaraydakı İsmayıl bəy Qaspralı ilə məsləhətləşmələr aparmışdılarmı?

 

- Ağaoğlu, Hüseynzadə, Akçura və b. “Türk Ocaqları”nı yaradarkən Liviya və Balkan savaşları nəticəsində çöküş yoluna qədəm qoymuş yeganə türk dövlətini xilas etməyi qarşıya məqsəd qoymuşdular. Qasprılanın da Girit savaşında iştirak etmək barədə qərar qəbul etdiyini bilirik. O vaxt istər Osmanlı ziyalıları, istərsə də İstanbula kənardan gələn milliyyətçilərlə Qaspralının arasında sıx əlaqələr vardı. Yusif Akçuranın çıxardığı “Türk yurdu” dərgisində daima Qaspralının çıxardığı “Tərcüman” qəzetindən götürülmüş materiallar verilirdi. O dönəmdə türk dünyasının bütün guşələrindəki milliyyətçi ziyalıların bir-birləriylə yaxın əlaqələri vardı. Təkrar edirəm ki, “Türk Ocaqları” İsmayıl bəy Qaspralının müəyyənləşdirdiyi prinsiplər və təşkilatı quran aydınların ortaya qoyduğu hədəflər təməlində yaradılmışdı. Biz onların ideallarını daha geniş perspektivdə həyata keçirməyə çalışırıq.

 

- “Dildə, fikirdə, işdə birlik!” - şüarının prinsiplərini indi həyata keçirməyin daha asan olduğunu dediniz. Bunu bir az aydınlaşdıra bilərsinizmi?

 

- Bilirsiniz ki, Osmanlı imperiyasının dağılması ərəfəsində Qafqaz İslam Ordusu Azərbaycanda bir türk dövlətinin qurulmasına hərbi-siyasi dəstək verdi. Daha sonra Anadoluda istiqlal mübarizəsi başladı, Azərbaycandan dəstək gəldi. Azərbaycanın milli dövləti işğal altına düşsə də, burada Türkiyə Cümhuriyyəti quruldu. Demək istəyirəm ki, biz ən çətin şəraitlərdə belə milli dövlətlərimizi itirməmək üçün daima bir-birimizə qardaş dəstəyi vermişik. İndi 7 müstəqil dövlətimiz var, əsas məqsəd aramızdakı qardaşlıq əlaqələrini daha da dərinləşdirərək, bir çox sahələrdə inteqrasiyaya nail olmaqdır. Əlibəy Hüseynzadə İstanbul ləhcəsini türklərin ortaq dili kimi qəbul etməyi təklif etmişdi. Türkiyədə dilin müasirləşdirilməsi əməliyyatları nəticəsində qardaş ölkələrlə bir-birimizi anlamaqda bəzən çətinlik çəkirik. Bunu aradan qaldırmaq üçün türkcəyə qərb dillərindən sözlər gətirmək yerinə, o biri türk dillərində olan sözlərdən istifadə etməyimiz bizi daha da yaxınlaşdıracaq. 2 il əvvəl Bakıda olarkən Anar demişdi ki, mən XIII əsrdəki Yunus Əmrəni oxuyub çox rahat anlayıram, ancaq Yunusun 2012-ci ildə çıxmış kitabına yazılmış ön sözü anlamaqda çətinlik çəkirəm. Hər şeydən əvvəl, bu problemi aradan qaldırmalıyıq.

 

 

http://az.apa.az/news/359622